Əsas

Hamiləlikdə fol turşusu

Paylaşıldı:

| Tarix:

Həkimlər hamiləlik planlaşdıran qadınlara və ya hamilə olanlara istisnasız olaraq bu fol turşusu təyin edirlər. Bəs bu nə möcüzəli vasitədir və nə üçün gələcək ananın və doğulacaq körpənin orqanizmi üçün bu qədər vacibdir?

Fol turşusunun xassəsi və funksiyası

Fol turşusu çatışmazlığı hər ikinci qadında müşahidə olunur. Fol turşusu hamilə qadınlar və hamiliyi planlaşdıran qadınlar üçün xüsusilə vacibdir. Tədqiqatlara əsasən, fol turşusunun hamiləlikdən bir neçə ay əvvəl gündəlik olaraq qəbulu 80% hallarda dölün anadangəlmə qüsur riskini azalda bilər.

Hamiləlik zamanı qadın orqanizmi adi hallardan daha çox miqdarda fol turşusu sərf edir. Həmçinin bu vitaminin orqanizmdə az miqdarda sintez edildiyi və ehtiyatda az miqdarda saxlanıldığı üçün fol turşusunu əlavə qəbul etməklə gündəlik tələb olunan səviyyəni qorumaq vacibdir.

Fol turşusu qəbulu xüsusilə hamiləliyin ilk trimestrində (ilk üç ay) vacibdir. Məhz bu zaman insanın sinir sisteminin ilkin forması olan onurğa və baş beynin sələfi – sinir borusu formalaşır.  Bu zaman fol turşusu çatışmazlığı ən ciddi, çox vaxt geridönməz nəticələrə səbəb ola bilər.

Anada fol turşusu defisiti fonunda döldə sinir borusu qüsurları yaranmasa belə, sonradan belə uşaqlar psixozlardan, nevrozlardan və ya əqli gerilikdən əziyyət çəkə bilərlər. Bundan əlavə körpə doğulduqdan sonra fol turşusu qəbulunu dayandırmaq tövsiyə edilmir, çünki körpə onu yalnız ana südü ilə qəbul edir.

Hamilələrdə fol turşusunun çatışmazlığı

Təəssüf ki, fol turşusu çatışmazlığı elə də nadir hal deyil. Qeyd edildiyi kimi, fol turşusu orqanizmdə demək olar ki, toplanmır və bağırsaq mikroflorası tərəfindən cüzi miqdarda istehsal olunur.

Fol turşusu çatışmazlığı sürətlə inkişaf edir, ilk simptomlar artıq hamiləliyin birinci həftəsində nəzərə çarpır və bir aydan sonra vəziyyət kritik həddə çatır. Hamilədə fol turşusu çatışmazlığının əlamətləri kimi dərinin solğunluğu, əsəbilik, qıcıqlanma, yorğunluq, yaddaş və diqqət problemləri, sızanaqların, piqment ləkələrinin yaranması, kəskin çəki itkisi və s. misal göstərmək olar.

Təəssüf ki, bu simptomlara heç də hər zaman diqqət yetirilmir və onlar hamiləlikdə adi bir hal kimi qəbul edilir. Ancaq fol turşusu çatışmazlığı aradan qaldırılmasa, bu həm hamilə qadının özünün, həm də gələcək uşağın sağlamlığı üçün təhlükəli ola bilər.

Fol turşusunun orqanizmdəki əsas funksiyası DNT sintezində gərəkli olan purin və timin sintezində iştirakıdır. Buna görə də fol turşusu və vitamin B12 hüceyrə genlərinin ikiləşməsində mühüm rol oynayır.

Fol turşusu serin və qlisin aminturşularının, serotonin və adrenalin kimi neyromediatorların sintezində iştirak edir, eritrositlərin yetişməsi və formalaşmasında mühüm rol oynayır.

Fol turşusu catışmazlığının fəsadları

– Bətndaxili hipoksiya və döldə qanyaranmanın pozulması – sinir borusunun formalaşma defektlinə (neyronlar hipoksiya şəraitində tam böyüyüb-inkişaf edə bilmir) səbəb olur.

– sinir borusunun defekti: yenidoğulmuşlarda 1000:1 nisbətində rast gəlinir

– anensefaliya (beyin rüşeyminin yaranmaması)

– spina bifidus – fəqərə qövslərinin defekti

– digər qüsurlar: hidrosefaliya, ürək-damar sisteminin anomaliyası (böyük arteriyaların qüsuru, anadangəlmə ürək qüsurları 1:100 nisbətində rast gəlinir) və sidikçıxarıcı sistemin defekti, yuxarı damağın yarıqları.

Fol turşusu estrogenəbənzər təsirə malikdir. Müəyyən olunmuşdur ki, tərkibində 50 mkq estrogen olan oral kontraseptivlər (OK) folatların mübadiləsini pozur. Döldə sinir borusunun defektinin inkişaf riski oral kontraseptivləri ləğv edən hamilə qadınlarda daha yüksəkdir. Həmçinin, fol turşusundan istifadəsi fonunda hormonal kontraseptiv qəbul edən qadınlarda uşaqlıq boynu xərçənginin riski azalır.

Fol turşusu qidalarda

Qida məhsullarında fol turşusu qeyri-stabil folat formasında olur. Folatlarla daha zəngin olan qidalar: yaşıl yarpaqlı bitkilər (ispanaq, kahı, qulançar), kök, qaraciyər, yumurta sarısı, pendir, yemiş, ərik, balqabaq, avokado, lobya, buğda və çovdar ununu misal göstərmək olar.

Folat ilə zəngin qidaların müntəzəm istifadəsi (mərcimək, lobya, ispanaq, qulançar və s.) fol turşusuna olan tələbatı qismən ödəyə bilər.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC