Əsas

Rinoplastika – Tələt Şəfiyevlə

Paylaşıldı:

| Tarix:

Rinoplastika üz plastik cərrahiyyəsi sahəsində həyata keçirilən ən çətin əməliyyatlardan biridir.Standart bir rinoplastika əməliyyatı yoxdur. Hər xəstə, hər üz və hər bir burun bütün olaraq düşünüldüyündə bir birindən fərqli anatomik quruluşda olur və hər biri  özünə məxsusdur. Beləliklə hər xəstə üçün ona məxsus ayrıca bir planlama lazımdır. Estetik və funksional deformasiyaların qüsursuz təsbiti, uyğun bir dizayn və cərrahi planlama, bunu həyata keçirmək üçün bacarıq, istedad və ən əsası isə təcrübə lazımdır. Cərrahın təcrübəli olması  mütləqdir. Adətən həyata keşiriləcək Rinoplastiaka əməliyyatı zamanı gözəl görünən, həmçinin  üzün digər hissələrilə uyumlu olan bir burun hədəflənir.

 

Əməliyyat öncəsi dəyərləndirmə

1. Estetik dəyərləndirmə

Bunun üçün birinci, nəfəs alarkən burun qanadları və yan divarlarında çökmə olub olmadığı, eyni zamanda burun dərisinin qalınlığı dəyərləndirilir. Sonra burun kökündən başlayıb dodağa qədər burnun sümük və qığırdaq toxumaları müayinə edilərək dəyərləndirilir. Burun sümükləri (qısa və ya uzun burun sümükləri, sərtlik, qalınlıq, burun kəməri, əyrilik, nahamar olması, simmetriyasının və ya asimmetriyasının olub olmaması), burun qığırdaqları  (şəkli, yerləşməsi, böyüklüyü, qalınlığı, elastikliyi, artıq və ya əksikliyi, burun ucunun dəstəyi, düşüklüyü, qalxıqlığı, əyrilik varmı yoxmu, genişliyi), burun dəliklərinin vəziyyətində genişlik, darlıq, burun kənarlarında çəkiklik, assimmetriya olması dəyərləndirilir. Burun-alın və burun-dodaq bucağı, burnun üzdəki və daxildəki digər hissələrlə nisbətləri dəyərləndirilir. Gülərkən və və ya danışarkən üst dodaq və burunun əlaqəsi, eyni zamanda burun ucunun düşüb-düşməməsinə diqqət edilməlidir. Bütün bunlar diqqətlə dəyərləndirilir, sonra alt çənə və ucu dəyərləndirilir. Burun şəkli ilə əlqədər olaraq alından başlayaraq dodağa qədər burundakı şəkil dəyişiklikləri və düzəlməsi  arzu olunan detallar pasiyentlə birlikdə müzakirə olunur.

2. Funksional dəyərləndirmə

Bu zaman burun tıxanıqlğının olub olmadığı araşdırılır. Əgər burun tıxanıqlığı varsa, daha çox hansı tərəfdə olduğu, dəyişkən və ya daimi tutulmanın olduğu dəyərləndirilir. Pasiyentin burun çəpərinin əyriliyinin olub olmadığı, əvvəl burun əməliyyatı keçirib keçirmədiyi, burun ətlərinin vəziyyəti, böyüklüyü, burun klapanı bölgəsinin vəziyyəti – darlığın olub olmaması, poliplər, sinusitlər, adenoidlər və s. varlığı dəyrəndirilir. Klassik burun daxili müayinə zamanı burunun arxa qismindəki problemlərin 40%-i adətən nəzərdən qaça bilir. Bu səbəbdən  mütləq endoskopik müayinə ilə burnun arxa hissəsinin vəziyyəti, eyni zamanda burun-udlağın vəziyyəti dəyərlənidirilməlidir. Hətta ehtiyac olarsa, burun və burun ətrafı ciblərin kompyuter tomoqrafiyası məsləhət görülür.

Fotoşəkillərin çəkilməsi və kompyuterdə analiz edilməsi

Standart şəkil çəkilməsində burun öndən, aşağıdan, sağ yan (profil), sağ çəp (45˚), sol yan (profil), sol çəp (45˚) olmaqla 6 fərqli bucaqdan fotoşəkil çəkilir . Standart çəkimlərdən başqa gülərkən və yuxarıdan da burnun fotoşəklini çəkmək məsləhət görülür. Çünki, gülərkən burun və dodaq  arasında olan bucağın dəyişilməsi daha yaxşı görünür. Burun orta xətdən yerini dəyişib dəyişmədiyi yuxarıdan çəkilən şəkildə daha yaxşı görünür. Daha sonra  fotoşəkillər  kompyuterə yüklənir və xüsusi bir proqram sayəsində üzə ən uyğun burun şəkli formalaşdırılır, dizayn edilir. Bu dizayn cərraha əməliyyatın planlaşdırılmasında olduqca yardımçı olur.Ancaq kompyuterdə düzəldilən görüntü ilə əməliyyat  nəticəsinin birə bir eyni olmayacağı, ona bənzər şəkildə ediləcəyi pasiyentə izah olunur. Əməliyyatdan əvvəl uzun müddət istifadə etdiyiniz dərman prepratları və xroniki xəstəlikləriniz, artreial təzyiqin yüksək olması, şəkər xəstəliyi,  endokrin xəstəliklər  və s. daha öncə keçirilmiş əməliyyatlar, allergiya, qanaxma problemi kimi hallar barədə mütləq həkimə məlumat verilməlidir.

Əməliyyatdan öncə pasiyentlərin diqqət etməli olduğu bəzi xüsuslar aşağıda verilmişdir:

  1. Əməliyyatdan 10 gün əvvəl  aspirin və o qurupdan olan qeyri-steroid iltihab əleyhinə preparatlar (ibuprofen,naproksen və s.) qanı durlaşdırıcı ağrı kəsicilər kəsilməlidir;
  2. A vitamini, ginkqobilobanın qəbulu kəsilməlidir (morluq və şişliyi artıra bilir);
  3. 5 gün öncə alkoqollu içkilərin kəsilməlidir (şişliyi artıra bilir)
  4. 5 gün öncə Siqaret çəkilməsi kəsilməlidir (yaranın  sağalmasını gecikdirir), (narkozdan sonra  ağ ciyər problemlərini artırır, infeksiyalaşma riskini artırır).

 

Rinoplastika əməliyyatı necə həyata keçirilir?

Son yüz ildə elm və sənətdəki inkişafla bərabər Rinoplastika anlayışı və Rinoplastikaya yanaşma da xeyli dəyişmişdir. Belə ki, əvvəllər RİNOPLASTİKA əməliyyatı adətən burnun kiçildilməsi şəklində həyata keçirilirdi. Bu zaman burunda olan „artıq“ qığırdaq və sümük hissələr kəsilib çıxarılırdı və kiçik bir burun əldə edilirdi, nəticədə burun skeleti quruluş etibarı ilə zəifləyirdi. İlk vaxtlar bu hal xəstələr üçün olduqca xoşa gələn olsa da, illər ötdükcə burunda yaranan quruluş və nizamsız görünüş xəstələri üzməyə başladı. Eyni zamanda burunun bir çox quruluşundakı dətək mexanizmaları zəiflədiyindən nəfəsalma problemləri də ortaya çıxdı.

Günümüzdə Modern rinoplastika anlayışında isə artıq kiçiltmə deyil, yenidən şəkilləndirmə pirinsipi qəbul edilmişdir. Bunun üçün sadəcə ehtiyac olan qədər toxuma (qığırdaq və ya sümük) çıxarılır və xüsusi tikiş və qreft texnikalarından istifadə olunur. Beləliklə hədəf – estetik olaraq gözəl, cazibədar və üzün bütünüylə uyumlu, görünüş və quruluş etibarilə sağlam və uzun müddət qalıcı, funksional olaraq da rahat nəfəs ala bilən bir burun əldə etməkdir.

Qapalı və açıq  metod nədir?

Burun əməliyyatları qapalı və açıq üsulla həyata keçirilə bilir. Lakin unudulmamalıdır ki, açıq və ya qapalı metod ümumilikdə əməliyyat texnikası deyil, burunun qığırdaq və sümük toxumalarına müdaxilə etmık üçün istifadə olunan yoldur. Açıq və ya digər adla eksternal metod burunun ön tərəfində burun dəliklərini bir birindən ayıran  hissədə – kolumellada tərs V və ya W şəklində kiçik bir kəsik aparılır, sonra dəri qaldırılır burunun qığırdaq və sümük hissələrinə müdaxilə edilir. Əməliyyatın son mərhələsində dəridə aparılmış kəsiklərə kosmetik tikişlər qoyulur. Bu kəsiyin izi yara düzgün qapanarsa, sağaldıqdan sonra adətən hiss olunmur, ancaq çox yaxından diqqətlə baxıldıqda fərq edilə bilər. Qapalı metodda isə bütün kəsiklər burunun içindən həyata keçirilir. Burada açıq və ya qapalı metod dedikdə, biri digərindən daha yaxşıdır və ya daha üstündür deyə bir qayda yoxdur.Burunun vəziyyətinə görə mən də açıq və yaxud qapalı metodun hər iksini həyata keçirirəm. Məsələn, orta xətdə burun arxasında donqarlığı olan, burun ucu simmetrik və düzgün bir burun olduqda belə burnun qapalı metodla əməliyyat edilməsini uyğun görürəm. Qapalı metodun üstünlüklərindən biri burun ucu tip bölgəsinin dəstək mexanizmalarının heç pozmadan daha az travma verərək sağalmanın daha qısa sürməsi, eləcə də əməliyyat sonrası ödemin daha tez düzəlməsi, burun ucundakı hissiyatın itməsinin daha tez bərpası sayıla bilər. Əyri  burunlar, böyük revizyon ehtiyacı olan burunlar, burun ucunda nəzərə çarpan asimmetriya olan burunlarda və yarıq dodaq rinoplastikasında açıq metod məsləhət görülür. Açıq metodun üstünlüyü isə burunun bütün qığırdaq və sümük toxumalarının daha rahat görülərək bütün qreft və tikiş texnikalarının istifadə oluna bilməsi sayılır. Qulaq burun boğaz həkimi olaraq mənə gələn birincili, həm də revizyon rinoplastika xəstələrinin çoxunda fəsadlaşmalar və nəfəs alma problemləri olduğundan yarıdan çoxunu açıq metodla əməliyyat etmə məcburiyyətində qalıram.Əməliyyatın müddəti burnun şəklinə və yanaşmaya görə 1-4 saat ətrafında olur. Mənim üçün önəmli olan əməliyyatın müddəti deyil əməliyyatın nəticəsidir.

 

Rinoplastika əməliyyatından sonra nələrə diqqət etməli?

  1. İlk 2 gün boyunca göz ətrafı və üzdə az da olsa şişkinlik ola bilər. Şişlik  və göyərmələri azaltmaq üçün ilk 2 gün boyunca baş yüksəkdə olacaq şəkildə 2 yastıqla (30-45˚) yatmaq lazımdır. Oyaq olduğunuz zamanlarda bir saatda 10-15 dəqiqə göz ətrafına və yanaqlara tətbiq olunacaq soyuq gel və ya buz şişliyi və göyərməni azaldacaqdır.
  2. İlk 2 gün üst dodaq üstünə yapıştıracağınız bint parçası meydana gələ biləcək qanlı sızıntının üstünüzü batırmasına mane olacaq.
  3. Qanamaya mane olmaq üçün ayağa qalxarkən və önə əyilərkən başınız yuxarı tutub hərəkət etməyə çalışın.
  4. Əməliyyatdan sonrakı 3-4 gün üzünüzdə bir qədər şişkinlik ola bilər. 2 gün ərzində şişlik tamam azalacaqdır.
  5. Çox isti qidaların buxarı qanaxmanı və burun tıxanıqlığını artıracağı üçün çox isti qidalar qəbul etməyin, xüsusilə ilk həftə çox sərt qidalar çeynəməyin, daha yumuşaq qidalar seçin.
  6. İlk 2 ay  boyunca eynəkdən istifadə etməyin. Eynək daim təzyiq göstərdiyindən burun sümüklərinin yerinin dəyişməsi və çökməsinə səbəb ola bilir.
  7. Əməliyyatdan 2 gün sonra linza istifadə edə bilərsiniz.
  8. Dişinizi fırçalayarkən diqqətli olun və burnunuza zərər verməyin.
  9. Əməliyyatdan sonraki 1 həftə yataq rejimi və istirahət lazımdır.
  10. Əməliyyatdan sonrakı 2 həftəsində idmanla məşqul olmaq, cinsi münasibət məsləhət görülmür.
  11. Sarğıları islatmadan üzünüzü yuya bilərsiniz. 1 həftə boyunca saçınızı yumayın, əgər sizə kömək edən biriləri varsa, saç kəsilən yerdə  (bərbərdə) yuyulan kimi başınızı arxaya əyib yuya bilərsiniz. Burnun xaricindəki sarğılarınızı islatmayın.
  12. Gündə 4-5 dəfə fizioloji məhlul yaxud dəniz suyu tərkibli məhlullar (aqva lor, aqva maris və s.) püskürdərək yüngülcə burnunuzu təmizləyə bilərsiniz. Burun girişindəki qabıqlar 3% -li perekislə və antibiotikli məlhəmlərlə (sintomisin, levomekol, solaris) yumşaldıb təmizləyə bilərsiniz.
  13. İlk 2 həftə boyunca telefon görüşmələrinizdən və sosial fəaliyyətlərinizdən, həddindən artıq gülməkdən və kəskin  mimik hərəkətlər etməkdən qaçının.
  14. İlk 1 həftə boyunca başınızdan keçirilən paltar və dar paltar geyinməyin, öndən düyməli paltarlar məsləhətdir.
  15. İlk 6 həftə boyunca  Günəşdən və Günəş şualarından qorunun, əks halda üzünüzdəki şişliyin düzəlməsi uzun çəkəcək.
  16. İlk 1 ay boyunca dənizdə, 2 ay üzmə hovuzunda üzməyin.
  17. İlk 1 həftə 10 gün sonra xəstə dərsə gedə bilir və yüngül işdə çalışa bilir, 1 ay sonra ağır idman hərəkətlərindən başqa yüngül idman hərəkətləri edə bilir və idman edərkən mütləq burunu travmalardan qorumaq lazımdır.
  18. Ilk 3 həftə boyunca siqaret çəkməyin.
  19. Sadəcə həkiminizin məsləhət görəcəyi dərmanlardan istifadə edin.
  20. Heç bir şeyə görə özünüzü riskə atmayın. Ağlınıza gələn, vacib oluduğunu düşündüyünüz bir sual olduğu zaman sonradan problem olmaması üçün həkiminizə zəng edin.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC