Əsas

Altı yaşınadək uşaqlara rentgen şüaları qəti qadağandır…

Paylaşıldı:

| Tarix:

Rentgen şüaları dəqiq diaqnozun qoyulmasında ən ideal vasitələrdən biri hesab olunur

Tibbin kifayət qədər inkişaf etməsinə və müasir aparatların ortaya çıxmasına baxmayaraq, hazırda da rentgen şüaları dəqiq diaqnozun qoyulmasında ən ideal vasitələrdən biri hesab olunur.

Həkim-rentgenoloq Amilə xanım yalnız rentgen şüaları vasitəsilə daxili orqanlarda və sümük toxumasında meydana gələn xəstəlikləri asanlıqla müəyyənləşdirmək mümkündür. Rentgenoskopiya və rentgenoqrafiya müayinə metodlarından istifadə etməklə ağciyər və qaraciyər xəstəliklərini, yemək borusunda olan daralmaları, şişləri, mədə və onikibarmaq bağırsaq xorasını, müxtəlif mədə-bağırsaq, öd kisəsi xəstəliklərini, böyrəklərdə olan iltihabı dəqiq müəyyən etmək mümkündür. Sümük toxumasında sınıq, çat və çıxıq olduqda isə onu yalnız rentgenoqrafiya vasitəsilə aşkarlamaq olur.

Anginoqrafiya qan cərəyanının tezliyini müəyyənləşdirməyə imkan verir

Həkimin dediyinə görə, damar daxilinə kontrast maddə yeritməklə müxtəlif orqanların damarlarını da rentgen vasitəsilə müəyinə etmək mümkündür. Anginoqrafiya adlanan müayinə metodu isə nəinki rentgendə damarları görməyə, hətta qan cərəyanının tezliyini də müəyyənləşdirməyə imkan verir. Bu metoddan istifadə etməklə arteriya və venaları, müxtəlif patoloji proseslər zamanı onlarda baş verən dəyişiklikləri ayırd etmək asan olur. Anginoqrafiya metodu çox mürəkkəbdir və adətən, yalnız son məqamda tətbiq edilir: “Nevroloji neyrocərrahi təcrübədə bəd və xoşxassəli şişləri, abses və beyinin damar xəstəliklərini aydınlaşdırmaq məqsədilə ancaq bu metoddan istifadə olunur. Anginoqrafiyaya başlamazdan əvvəl damarın vəziyyəti, miqdarı, forması və diametri dəqiq şəkildə yoxlanılmalıdır. Çünki beyin şişlərində sıxılma nəticəsində damar öz yerini dəyişir. Tez-tez təsadüf olunan qan dammar xəstəliklərində isə damarın mənfəzində daralma və formasını dəyişmə kimi əlamətlər meydana gəlir.

Müşahidə olunan bu əlamətlər zamanı həkim tərəfindən buraxılan hər hansı bir səhv xəstənin vəziyyətinin ağırlaşmasına, hətta dünyasını dəyişməsinə də səbəb ola bilər. Ürək xəstəliklərinin bəzi formalarında, ağır dərəcəli hipertoniya xəstəliyində və genişmiqyaslı beyin qanaxmalarında isə anginoqrafik metoddan istifadə yolverilməz sayılır”.

Diaqnozun dəqiq qoyulmasında kontrast maddə mühüm rol oynayır

Həkimin sözlərinə əsasən, xəstəliklərin aydın müəyyənləşdirilərək, diaqnozun dəqiq qoyulmasında kontrast maddə mühüm rola malikdir. Ən tünd fotoplastikada belə, xəstəliyi kontrastın köməkliyilə aydın şəkildə müəyyənləşdirmək olur. Bu maddə olmadan diaqnozun qoyulması isə mümkünsüzdür. Maye halında olan kontrast maddə, adətən, yuxu arteriyalarına, damarlara yeridilir və həmin dəqiqə müayinə edilən orqanın seriya ilə rentgen şəkli çəkilir. İyisiz və dadsız, qatı maye şəklində olan kontrastı qəbul etdikdə, mədə və onikibarmaq xorasını asanlıqla aşkarlamaq mümkündür. Kontrast orqanizm üçün heç bir təhlükə yaratmır. Yeridilən arteriya və damarlardan bir neçə saat ərzində sorulur. Qəbul olunduğu halda isə, mədədən cəmi 20-30 dəqiqəyə tamamilə təmizlənir.

Rentgen şüaları orqanizmə mənfi təsirsiz deyil

Ancaq çox təəssüf ki, elmin bir çox nailiyyətləri kimi, rentgen şüaları da orqanizmə mənfi təsirsiz deyil. Dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayan rentgen şüalarından normadan artıq istifadə xəstələrdə bir sıra problemlərin ortaya çıxmasına səbəb ola bilər. Mütəxəssis rəyinə görə, rentgen şüalarından həddən artıq və müntəzəm istifadə insanda əsasən qaş, kiprik və saçın tökülməsinə gətirib çıxarır. Bəzi adamlarda kəskin başağrıları, halsızlıq əv yuxu pozğunluğu kimi əlamətlər yaranır. Rentgen şüaları insanlarda bədxassəli şişlərin yaranma ehtimalını da artırır. Bunları nəzərə alaraq, rentgendən mümkün qədər az istifadə edilməli və müayinələr arasında lazımi müddət gözlənilməlidir.

Altı yaşınadək uşaqlara rentgen şüaları qəti qadağandır

Həkim bildirib ki, altı yaşadək olan uşaqların sümükləri və əzələ toxumaları bərkimədiyi üçün rentgen şüaları onlara mənfi təsir göstərə bilər. Onlarda baş qaldıran xəstəliyə dəqiq diaqnozun qoyulması üçün başqa vasitələrdən istifadə edilməlidir: “Yalnız 6 yaşdan sonra uşaqların, ildə bir dəfə olmaq şərtilə, rentgenə salınması məqsədəuyğundur. Yuxarı yaş həddində olan insanlara 3-4 aydan bir rentgenin tətbiqi mümkündür. Yaşı 60-ı keçənlər rentgenə yalnız 6 aydan bir düşə bilərlər”.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC