Manşet

Cərrahi üsulla arıqlamaq…

Paylaşıldı:

| Tarix:

Çəkinin azaldılması üçün bütün digər üsullar tükəndiyi halda cərrahi üsuldan istifadə edirlər. Əgər digər yolla çəkinin azaldılmasına ümid varsa, onda cərrahiyyə əməliyyatına getmək lazım deyil.

Bu haqda Medicaltv.az saytına Lanset Cərrahlıq klinikasının plastik estetik cərrahı Rəşad Abbasəliyev ətraflı məlumat verib.

Çəkinin cərrahi yolla azaldılmasının bir neçə üsulu vardır. Məsələn, mədənin bir hissəsinin tikilməsi, mədənin bir hissəsinin kəsilməsi, mədənin daxilinə silikon balonun yerləşdirilməsi və s. Bütün bu əməliyyatların nəticəsində mədənin həcmi xeyli kiçilir, insan az miqdarda qida qəbul edəndən sonra toxluq hiss edir. Nəticədə insan arıqlayır.

 

Rəşad Abbasəliyev qeyd edib ki, çəkinin cərrahi yolla azaldılmasının ən yayılmış üsulu – liposaksiyadır. Amma həkimlər liposaksiyaya çəkini azaldan əməliyyat kimi yox, bədən formasını yaxşılaşdıran əməliyyat kimi baxırlar. Məhz liposaksiya əməliyyatı, fiziki hərəkətlər və pəhrizlər üçün “çətin” hesab edilən yerlərdən – “qalife” nahiyəsi (budların xarici səthi), yanlardan (sağrı nahiyələri), gövdədən, baldır, diz oynaqları nahiyələrindən piyin təmizlənməsinə imkan verir.

Əməliyyat ümumi narkoz altında, əməliyyatın bədənin hansı hissəsində keçirilməsindən və çıxarılan piyin miqdarından asılı olaraq, adətən 30 dəqiqədən bir neçə saata qədər davam edir. Əməliyyat zamanı 2-5 mm ölçüsündə olan mikrokəsiklərdən dərialtı sahəyə əvvəlcə piyi “əridən” məhlul yeridilir, sonra isə bu piy nazik metal kateter (borucuq) və tozsoranı xatırladan vakuum nasosunun köməyilə sorulur. Bəzən əməliyyat zamanı dərinin artıq hissəsini də kəsmək və tikməyə ehtiyac olur. Bu onunla izah olunur ki, kök adamlarda dəri dartılmış olur, piylərin tez bir zamanda xaric edilməsindən sonra isə o sallanır.

 

Həkim eyni zamanda oxucuları maarifləndirmək üçün əməliyyata əks göstəriş olan halları vurğulayıb. Belə ki, ürək və damarların ağır xəstəlikləri, diabet və  bir sıra digər xəstəliklər var ki, bu zaman əməliyyat məsləhət görülmür. Buna görə də əməliyyatdan qabaq pasiyent geniş şəkildə tibbi müayinələrdən keçirilir. Liposaksiya əməliyyatı qarında, döşdə, baldırlarda, kürəkdə, qollarda, dizətrafı sahədə, buxaq nahiyəsində, yanaqlarda edilə bilər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çox oxunanlar

Copyright © 2022 - Created by: Medical Tv MMC